BAKI, 16 yanvar. TELEQRAF

“Türkiyə ilə İran nə dostdur, nə də düşmən. Hər iki halı göstərən çoxsaylı nümunə var”.

Teleqraf xəbər verir ki, bu barədə “Haber7”nin yazarı Mehmet Acet bildirib.

O deyib ki, təxminən 400 ildir dəyişməyən sərhəd iki ölkənin bir-biri ilə müharibəyə girmək istəmədiyini də göstərir.

“İllər əvvəl yüksək səviyyəli hərbi rəsmi mənə söyləmişdi ki, biz onlarla, onlar da bizimlə savaşmaq istəmir. Ankara üçün İran siyasəti “incə iş” məsələsidir. Bu “incə iş”də fars diplomatiya ənənəsi ilə danışıqlar aparmağın çətinliyi də var ki, bunu işin içində olanlardan çox eşitmişik. Həmsöhbətlər baxımından bu ənənənin “çəkindirici” tərəfi də var. Digər tərəfdən, bu ənənə “güvənsizlik” hissi yaradır.

İrana arxanı çevirmək olmaz.

Ankara üçün oradan gələn təhdidlər baxımından güclü İran arzuedilən deyil. Amma Ankarada işlədiyim zaman çox eşitdiyim üçün bilirəm ki, çox zəifləmiş, xaosa sürüklənmiş bir İran da Ankara üçün heç vaxt arzuedilən olmayıb.

İyunda 12 gün davam edən İran-İsrail müharibəsi zamanı, bir qədər də Qəzzada baş verən soyqırımı səbəbi ilə İsrailin İrana hücumlarına qarşı verilən reaksiyalarda İranla bağlı ritorikadakı ehtiyatlı baxış müharibə bitənədək təxirə salınmışdı.

İran birbaşa münaqişəyə girməkdən çəkinə bilər, amma Türkiyənin ayağını tapdaladığı çox məsələlər olub. Məsələn, keçən il müdafiə naziri Yaşar Gülərin İranın “PKK kartı”nı Türkiyəyə qarşı istifadə etməsinə verdiyi reaksiya və işlətdiyi sözlər Türkiyə-İran münasibətlərinin xarakteri barədə yaxşı fikir verir:

“Təəssüf ki, iranlı dostlarımız PKK terrorçularına qarşı bizimlə eyni baxışa malik deyillər. Görüb deyirik ki, “qardaş, adamlar oradadır, bu evdədir, ünvanları budur”, qısa müddət sonra “Oranı araşdırdıq, heç kim yoxdur” cavabı gəlir. Əlbəttə, bu qəbuledilməzdir, amma dostluğumuz qalır. İnanıram ki, iranlı dostlarımız da PKK-nın onlar üçün də problem olacağını bilirlər, amma ümid edirəm ki, həll yolu tapacaqlar”.

“İranlı dostlarımız” ifadəsinin iki dəfə işləndiyi bu bəyanat Türkiyə-İran münasibətlərinin xarakterini çox yaxşı əks etdirir”.

Mehmet Acet bir başqa məqama da diqqət çəkib:

“2015-ci ildə Həll Prosesinin dayandırıldığı dövrdə yüksək səviyyəli hökumət rəsmi mənə demişdi ki, bizim apardığımız bu Həll Prosesi ən çox İranı narahat edir, “kürd kartı”nın əlindən çıxmasından qorxur.

İran imkan və fürsət olanda PKK təhdidindən Türkiyəyə qarşı istifadə etməkdən heç vaxt çəkinməyib, bu da Ankarada İranla bağlı güvənin olmamasının əsas amillərindən biridir. Ankara bunlara qarşılıq Tehrana çox yaxşı niyyətlər göstərib. Məsələn, 2010-cu ildə BMT-də İranla bağlı yeni sanksiyaların səsverməsində ABŞ ilə ziddiyyətə düşməyə baxmayaraq Ankara “Xeyr” səsini vermişdi. Hətta həmin dövrdə ABŞ Prezidenti Obama Türkiyə Baş naziri Ərdoğana çağırış etsə də, nəticə verməmişdi. Ərdoğan “söz vermişəm” deyərək Braziliya ilə birlikdə verilən səsin arxasında durmuşdu.

Son günlərdə xarici İşlər naziri Hakan Fidan vasitəsilə aparılan vasitəçilik cəhdləri də, Ankaranın “xaosa sürüklənmiş İran” istəməməsi ilə bağlı mövqeyi kimi qiymətləndirilə bilər.

İran rəhbərliyi xüsusən “Ərəb baharı”ndan sonra bölgədəki qanlı prosesləri heçə sayaraq “Şiə ayparası” layihəsini həyata keçirəndə bölgədəki nüfuzuna ciddi zərbə vurdu. Nəticədə bu gün İrana rəhmi gəlməyən çoxdur. Amma Ankara “incə iş” siyasətinin bu mənada da realist, emosiyalardan uzaq yanaşma olduğuna diqqət çəkir”.

Mehmet Acet əlavə edib ki, Türkiyədən fərqli olaraq, ABŞ və Avropa İran rejiminə qarşı etirazlara dəstək verərək, hadisələrin daha da şiddətlənməsinə yol açıb:

“Ankarada isə bu hadisələr qeyri-sabitlik yarada biləcəyi ehtimalı ilə qarşılanır. Çünki xaosa sürüklənmiş və böhranı dərinləşmiş bir İran, əvvəllər Körfəz müharibələri zamanı gördüyümüz kimi, Türkiyənin həm təhlükəsizliyi, həm də iqtisadiyyatına birbaşa təsir edə biləcək nəticələr doğura bilər.

Türkiyənin son illərdə regional rəqabət çərçivəsində mövqe qazanması, müdafiə sahəsində güclənməsi İranda narazılıq yaradıb. Buna baxmayaraq, İranın regional iddialarında mövqe itirməsi Ankaranın əlini gücləndirsə də, onun “bir həddə qədər zəif İran” yanaşması “incə iş” siyasətinin təzahürü kimi ortaya çıxır”.