BAKI, 15 yanvar. TELEQRAF

Azərbaycanəsilli iranlı müğənni Ququş ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktubda ondan verdiyi vədlərə əməl etməyi və İran hakimiyyətinin xalqa qarşı həyata keçirdiyi qırğınlar qarşısında dərhal və qətiyyətli addımlar atmağı xahiş edib.

Teleqraf xəbər verir ki, o, həmçinin Amerika liderindən İranın sonuncu şahının oğlu Rza Pəhləvi ilə əməkdaşlıq etməsini istəyib.

Ququş məktubunda yazıb: “Vaxtilə səsi İslam Respublikası hakimiyyəti tərəfindən əlindən alınmış iranlı sənətçi kimi bu məktubu sizə yazıram. Bu gün sizdən verdiyiniz vədə əməl etməyinizi xahiş edirəm”.

Müğənni məktubunda İranın daxili problemlərinə də toxunaraq qeyd edib ki, ölkənin çayları quruduğu, iqtisadiyyat çökdüyü bir vaxtda milyardlarla dollar raketlər, “Hizbullah” və digər xarici proksi qüvvələrə xərclənib, İran xalqı isə yoxsulluq, elektrik enerjisinin kəsilməsi, su qıtlığı, senzura, həbs və kütləvi miqrasiya ilə üz-üzə qalıb.

Məktubun sonunda o vurğulayıb ki, bu gün İranda müdafiəsiz qalmış insanlar bəşəriyyətə qarşı davam edən cinayətlər qarşısında ABŞ Prezidentindən kömək istəyirlər. Ququş ümid etdiyini bildirib ki, Tramp son beş onillikdə tərəddüd etmədən İran xalqının yanında duran və iki xalq arasındakı tarixi münasibətlərin bərpasına kömək edən ilk ABŞ lideri olacaq.

Ququş məktubunu bu cümlə ilə tamamlayıb:

“İranın azadlığı və onun cəsur gənclərinin qələbəsinə ümidlə”.