BAKI, 17 yanvar. TELEQRAF

“Turan Tovuz” ev oyunlarının “Azersun Arena”da keçirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərb təmsilçisinin müraciəti və “Qarabağ” klubunun razılığı nəzərə alınaraq məsələyə müsbət yanaşılıb.

Belə ki, klubun ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda aparılan bütün bərpa və baxım işlərinə baxmayaraq, bölgədə müşahidə olunan yağıntılı və qeyri-sabit hava şəraiti səbəbindən arenanın ot örtüyünü oyunların keçirilməsi üçün hazır vəziyyətə gətirmək mümkün olmayıb. Mövcud vəziyyət Peşəkar Futbol Liqası tərəfindən təhlil edilib və zəruri addımlar atılıb.

Eyni zamanda, ardıcıl oyun və məşqlər qrafikinə uyğun olaraq “Azersun Arena”nın həddindən artıq yüklənməsi və meydana çıxması real görünən problemin qarşısını almaq məqsədilə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində, 25.01.2026-cı il tarixində keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili qərara alınıb. Həmin qarşılaşmadan sonra “Turan Tovuz” klubu Azərbaycan Kuboku və Premyer Liqa çərçivəsində nəzərdə tutulan ev oyunlarını “Azersun Arena”da keçirməyə başlayacaq.

Klubun Tovuz şəhər stadionuna qayıdışı 20-22 mart 2026-cı il tarixlərində keçiriləcək Azərbaycan Premyer Liqasının 25-ci tur oyununa planlaşdırılır. Bununla belə, sözügedən qarşılaşmadan əvvəl Peşəkar Futbol Liqasının işçi qrupunun iştirakı ilə stadionda test xarakterli oyun keçiriləcək. Test oyunu zamanı aparılacaq müşahidələrin nəticələrinə əsasən stadionla bağlı yekun qərar veriləcək və növbəti addımlar atılacaq.

Açıqlanmış oyunların başlama saatları ilə bağlı hər hansı dəyişiklik olmayacaq.