BAKI, 17 yanvar. TELEQRAF
Ukrayna nümayəndə heyəti Mayamidə Amerika tərəfinə Kiyevin heç vaxt sülhə maneə olmadığını və Rusiyanın davamlı hava terroru ilə diplomatik prosesə zərbə vurduğunu izah etməlidir.
Teleqraf xəbər verir ki, bunu Prezident Volodimir Zelenski bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna nümayəndə heyətinin əsas vəzifəsi Rusiya hücumlarının nəticələri barədə bütün real məlumatları təqdim etməkdir: "Rusiyanın hücumları diplomatik prosesi etibarsızlaşdırır. İnsanlar diplomatiyaya inamlarını itirirlər və Rusiya hücumları hətta mövcud olan məhdud dialoq imkanlarını da daim sarsıdır".
Prezident həmçinin əlavə edib ki, hazırlanan sənədlərlə bağlı irəliləyişlər olmalıdır: "Ukrayna heç vaxt sülhə maneə olmayıb və olmayacaq da və diplomatiyanın inkişaf edib-etməyəcəyini müəyyən etmək tərəfdaşlarımızın öhdəsinə düşür".
Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina bildirib ki, nümayəndə heyətinin məqsədi təhlükəsizlik zəmanətləri və iqtisadi rifahla bağlı ümumi dəyəri 800 milyard dollar olan müqavilələri yekunlaşdırmaqdır. Bu müqavilələrin gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda imzalanması gözlənilir .
Qeyd edək ki, Ukrayna nümayəndə heyəti sülh sazişi ilə bağlı amerikalı tərəfdaşlarla danışıqlar aparmaq üçün ABŞ-yə səfər edib.
Danışıqlarda Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerov və hakim "Xalqın xidmətçisi" partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya da iştirak edir.
Görüşdə Stiven Uitkoff, Cared Kuşner və Daniel Driskollun da iştirakı nəzərdə tutulur.