BAKI, 17 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Argentinanı Qəzza Sülh Şurasının təsisçi üzvlərinə qoşulmağa dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Prezidenti Xavyer Miley "X" sosial platformasında məlumat verib.

O yazıb: "Bu gecə Trampın münaqişəli bölgələrdə davamlı sülh naminə yaradılan Sülh Şurasına təsisçi üzv kimi qoşulmaq dəvətini aldığım üçün şərəf duydum".

Ağ Ev rəhbəri həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza zolağı üzrə Sülh Şurasına qoşulmağa dəvət edib .

Yanvarın 16-da Tramp Qəzza zolağını idarə edəcək Sülh Şurasının yaradıldığını elan edib.

Qəzza Sülh Şurasına ABŞ dövlət katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni, investor Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler, ABŞ milli təhlükəsizlik müşavirinin müavini Robert Qabriel, Dünya Bankının Prezidenti Ajay Banqa və milyarder Mark Rouen daxil idi.