BAKI, 30 dekabr. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) dekabrın əvvəlində Venesuela sahillərində yerləşən liman obyektinə pilotsuz uçuş aparatı ilə zərbə endirib. Bu, ABŞ-nin Venesuela ərazisində yerləşən hədəfə endirdiyi ilk məlum hücum hesab olunur.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, vurulan obyekt narkotik vasitələrin saxlanılması və gəmilərə yüklənərək daşınması üçün istifadə olunub. Bildirilir ki, zərbə zamanı ərazidə heç kim olmayıb və hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Mənbələrin iddiasına əsasən, əməliyyata kəşfiyyat dəstəyini ABŞ-nin Xüsusi Əməliyyat Qüvvələri göstərib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl açıqlamasında ötən həftə Amerika ordusunun Venesuela ərazisində iri obyektə zərbə endirdiyini bildirmişdi.

Bu arada Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun aparıcı elmi işçisi Vladimir Vasilyev ABŞ-nin Venesuelaya qarşı mümkün quru əməliyyatı ilə bağlı qərar qəbul etdiyini istisna etməyib. Onun sözlərinə görə, aktiv addımlar Yeni il bayramlarından sonra atıla bilər.