BAKI, 23 dekabr. TELEQRAF

Bakıda qadının ölümünə səbəb olan yük avtomobilinin sürücüsünə hökm oxunub.

Teleqraf xəbər verir ki, Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə məhkəmə araşdırması başa çatıb..

Məlumata görə, 1975-ci il təvəllüdlü İsmayılov Rövşən Mövlud oğlu idarə etdiyi “Mercedes Axor” markalı yük avtomobili ilə Binəqədi şosesi, DSK yolu, şəhid Nicat Mustafayev küçəsi istiqamətində hərəkətdə olarkən piyada Mahmudova Səbuhə Kəmaləddin qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində bildirib ki, 1991-ci ildən etibarən müxtəlif şirkətlərə məxsus yük avtomobillərini idarə edib. Sürücü qırmızı işıqda avtomobili saxladığını, yaşıl işıq yandıqdan sonra isə kor nöqtədə piyadaların və digər nəqliyyat vasitələrinin ola biləcəyini nəzərə alaraq avtomobili ehtiyatla hərəkətə gətirdiyini bildirib. Onun sözlərinə görə, təxminən 5–10 km/saat sürətlə hərəkət edərkən dönmə manevri zamanı avtomobilin qoşqusunun sağ ön hissəsindən səs eşidib və dərhal nəqliyyat vasitəsini saxlayıb.

Avtomobildən düşərək arxa hissəyə baxan zaman qadının yük avtomobilinin təkəri altında qaldığını görüb. Sürücü dərhal "103" və "102" xidmətlərinə zəng edərək hadisə barədə məlumat verib. O, piyadanın hansı istiqamətdən gəldiyini görmədiyini və hadisənin necə baş verdiyini bilmədiyini deyib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və ona qarşı hər hansı şikayət və tələbin olmadığını bildirib. O, bu halların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində mərhumun Ağsu rayonunda anadan olduğunu, son aylarda Binəqədi qəsəbəsində kirayədə yaşadığını və fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu bildirib. Hadisə günü qızının ölüm xəbəri barədə polis əməkdaşları tərəfindən məlumatlandırıldığını deyib. Hüquqi varis həmçinin sürücü ilə barışdığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını vurğulayıb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Rövşən İsmayılov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. O, 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.