BAKI, 23 dekabr. TELEQRAF

Almaniyanın Düsseldorf şəhərində Çin üçün casusluqda ittiham olunan üç Almaniya vətəndaşının məhkəmə prosesi başlayıb.

Teleqraf "Bild" qəzetinə istinadən xəbər verir ki, söhbət Bad Homburq şəhərindən olan 60 yaşlı Tomas R. və Düsseldorfdan olan 73 yaşlı Herviq F. ilə onun 69 yaşlı həyat yoldaşı İna F.-dən gedir. Onlar Almaniya Federal Prokurorluğu tərəfindən Çin Xalq Respublikasının kəşfiyyat orqanı olan Dövlət Təhlükəsizliyi Nazirliyi (MSS) üçün casusluq etməkdə ittiham olunurlar.

Məhkəmə prosesi Düsseldorf Ali Əyalət Məhkəməsinin xüsusi mühafizə olunan, adətən terrorçular və ağır cinayətlərdə təqsirləndirilən şəxslərin mühakimə edildiyi “terror bunkeri” adlanan zalında keçirilir.

İttiham aktına görə, Tomas R. 2017-ci ildən etibarən MSS əməkdaşı ilə əlaqədə olub və onun tapşırığı ilə Almaniyada hərbi məqsədlər üçün istifadə oluna bilən innovativ texnologiyalarla bağlı məlumatlar toplayıb. Bu fəaliyyətlərdə Herviq F. və İna F. də iştirak edib. Bildirilir ki, yeddi il ərzində Çinin hərbi potensialının gücləndirilməsi üçün faydalı ola biləcək məlumatlar ötürülüb.

Sözügedən məlumatlara sonar sistemləri, təyyarələrin müdafiə texnologiyaları, zirehli texnikalar üçün mühərriklər və pilotsuz uçuş aparatları ilə bağlı araşdırmalar daxil olub.

İstintaq materiallarına əsasən, casusluq fəaliyyəti “Innovative Dragon” adlı şirkət vasitəsilə gizlədilib. Rəsmi olaraq innovasiya layihələri ilə məşğul olan bu şirkətin əslində Çin dövlət strukturları tərəfindən maliyyələşdirildiyi iddia olunur. Qeyri-rəsmi məlumata görə, təqsirləndirilən şəxslər ötürdükləri hər bir əhəmiyyətli məlumat üçün yüksək beşrəqəmli məbləğlərdə pul alıblar.

Bundan başqa, onlar Almaniyadan Çinə üç ədəd xüsusi lazer qurğusunun qanunsuz ixracında da ittiham olunur. Bu əmələ görə onların hər biri min avro məbləğində ödəniş alıb.

Tomas R. 2024-cü ilin aprelindən etibarən həbsdə saxlanılır. Herviq F. və İna F. bir müddət istintaq təcridxanasında qaldıqdan sonra azadlığa buraxılıblar. Təqsirləndirilən şəxslər casusluq ittihamlarını rədd ediblər. Müdafiə tərəfi bildirib ki, onların Çin kəşfiyyatı ilə əlaqədən xəbərləri olmayıb və bütün əlaqələr açıq şəkildə aparılıb.