BAKI, 16 dekabr. TELEQRAF
ABŞ-nin tanınmış kino rejissoru və prodüseri Rob Reyner və həyat yoldaşı Mişel Reyner Los-Ancelesdəki Brentvud səmtində yerləşən, 13,5 milyon dollar dəyərindəki evlərində qətlə yetirilib.
Teleqraf xəbər verir ki, hadisə bazar günü günortadan sonra aşkarlanıb.
Məlumata görə, Reyner həmin gün masaj sifariş etsə də, ünvana gələn masajçı qapını dəfələrlə döyməsinə baxmayaraq cavab ala bilməyib və ərazini tərk edib. Bundan sonra cütlüyün qızı Romi Reyner valideynlərinin evinə gedib və onları bıçaqlanaraq öldürülmüş vəziyyətdə aşkar edib. Təcili yardım və polis hadisə yerinə çağırılıb.
İlkin məlumatlara əsasən, Rob Reyner (78) və Mişel Reynerin (70) boğazlarının kəsildiyi bildirilir. Hüquq-mühafizə orqanları hadisəni qəsdən adam öldürmə kimi araşdırır. Evdə zorla daxilolma əlamətlərinin olmadığı qeyd olunur.
Qətldən bir neçə saat əvvəl Reyner ailəsinin ABŞ-nin məşhur aparıcısı Konan O’Brayenin keçirdiyi bayram tədbirində iştirak etdiyi, burada valideynlərlə oğulları Nik Reyner arasında yüksək səslə mübahisə yaşandığı bildirilir. Məlumata görə, mübahisə digər qonaqlar tərəfindən də eşidilib və bundan sonra Rob və Mişel Reyner tədbiri tərk ediblər.
İstintaq çərçivəsində cütlüyün 32 yaşlı oğlu Nik Reyner saxlanılıb və o qəsdən adam öldürmə maddəsi ilə həbs edilib. O, əvvəlcə 4 milyon dollar girov qarşılığında saxlanılsa da, daha sonra girov hüququ ləğv edilib və hazırda girovsuz həbsdədir.
Qeyd edək ki, Nik Reyner uzun illər narkotik asılılığı və psixoloji problemlərlə mübarizə aparıb, bir neçə dəfə reabilitasiya mərkəzində müalicə alıb. O, bu mövzuda atasının rejissoru olduğu “Being Charlie” filminin ssenari müəlliflərindən biri olub.
Los-Anceles Polis Departamenti hadisə ilə bağlı araşdırmanın davam etdiyini, bütün ailə üzvlərinin dindirildiyini açıqlayıb. Reyner ailəsinin nümayəndəsi isə yayılan bəyanatda baş verənləri “ağlasığmaz faciə” adlandıraraq mediadan ailənin şəxsi həyatına hörmətlə yanaşmağı xahiş edib.