BAKI, 2 aprel. TELEQRAF
Hazırkı mürəkkəb geosiyasi mühitdə Orta Dəhliz ən vacib marşrutdur və bu xətlə daşımaların həcminin 10 milyon tona qədər artacağı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən TDT-yə üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.
O, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin artıq öz yüksək effektivliyini sübut etdiyini bildirib:
"Dövlət başçılarımız tərəfindən bizə mütəmadi olaraq blok qatarlarının işə salınması ilə bağlı tapşırıqlar verilib. Bu istiqamətdə işlər davam etdirilir. Biz tezliklə Zəngəzur dəhlizinin açılmasını gözləyirik”.
K.Ömüralıyev həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirildiyini, mayın 15-də Türkiyədə qeyri-rəsmi zirvə görüşünün keçiriləcəyini, eləcə də müdafiə sənayesi, daxili işlər və ədliyyə nazirlərinin görüşlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.