BAKI, 2 aprel. TELEQRAF
NATO-nun planlarına uyğun olaraq, Türkiyədə zərurət yarandıqda yerləşdiriləcək qoşunları əlaqələndirmək və idarə etmək üçün regional korpus komandanlığı yaradılır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Zəki Aktürk jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
“NATO planlarında ölkəmizin müdafiəsini NATO qüvvələri ilə əlaqələndirəcək və zərurət yarandıqda yerləşdiriləcək qüvvələr üzərində komandanlıq və nəzarəti həyata keçirəcək Türk Korpusu üçün regional qərargahın yaradılması nəzərdə tutulur. Hakimiyyət orqanları bu qərargahı çoxmillətli quruma çevirməyi məqsədəuyğun hesab edir. Qərargahın yaradılması üzərində işlər davam edir, əsas heyət təyin olunub və çoxmillətli qərargahın statusu hələ təsdiqlənməyib”, - o bildirib.
Zəki Aktürk əlavə edib ki, 2024-cü ildə dəniz əməliyyat zonalarında planların icrası üçün beş (Atlantik, Şimal, Baltik, Aralıq və Qara dəniz) birləşdirilmiş əməliyyat qrupunun yaradılması razılaşdırılıb.
Həmçinin o, vurğulayıb ki, komandanlıq strukturları Türkiyənin təhlükəsizlik ehtiyaclarına və Qara dənizə dair siyasi mövqeyinə uyğun olaraq yaradılır.