BAKI, 2 aprel. TELEQRAF

“Qalatasaray”ın və Türkiyə millisinin futbolçusu Uğurcan Çakırın yeni transfer qiyməti bəlli olub.

Teleqraf “Sabah”a istinadən xəbər verir ki, “sarı-qırmızılılar” 29 yaşlı qapıçı üçün ən az 40 milyon avro tələb edir.

Onu izləyən klublar arasında “Tottenhem”, “Nyukasl” və “Aston Villa” olduğu bildirilir.

Uğurcanın UEFA Çempionlar Liqasında çıxışlarından sonra, “Trabzonspor” ilə sözləşmədə nəzərdə tutulan 3 milyon avro bonus maddəsi qüvvəyə minib. Beləliklə, "sarı-qırmızılılar"ın Uğurcan üçün xərclədiyi ümumi məbləğ 30,5 milyon avroya çatıb.

Qeyd edək ki, Uğurcan Çakır mövsümün əvvəlində “Trabzonspor”dan 27,5 milyon avroya "Qalatasaray"a transfer olunub. Hazırda o, Süper Liqanın ən az qol buraxan qapıçısıdır. Eyni zamanda, Türkiyə yığması ilə Ruminiya və Kosovo oyunlarında qapısını toxunulmaz saxlayaraq yığmanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmasında böyük rol oynayıb.