BAKI, 2 aprel. TELEQRAF

2025-ci ildə üzv və müşahidəçi dövlətlərin ümumi daxili məhsulu 2,4 trilyon ABŞ dollarını ötüb, ümumi ticarət dövriyyəsi isə 1,27 trilyon dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən TDT-yə üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

K.Ömüralıyev təşkilatdaxili ticarətin payının bir neçə il öncəki 3 faizdən 7 faizə yüksəldiyini və hədəfin bu göstəricini 10 faizə çatdırmaq olduğunu vurğulayıb:

"Bizim orta iqtisadi artım tempimiz 6,86 faiz təşkil edir ki, bu da 3,2 faiz olan qlobal orta göstəricidən iki dəfə artıqdır. Bu, iqtisadi inteqrasiyamızı və ümumi rəqabət qabiliyyətimizi artırmaq üçün çox möhkəm bir bünövrədir".

O, həmçinin xidmətlər və sərmayələr sahəsində praktiki razılaşmalar üzrə danışıqların başladığını, rəqəmsal iqtisadiyyatda tərəfdaşlıq sazişinin tezliklə ratifikasiya edilməsinin elektron ticarəti xeyli gücləndirəcəyini qeyd edib.