BAKI, 2 aprel. TELEQRAF
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçıları və Vitse-prezidentinin birgə bəyanatı qəbul edilib.
Teleqraf bəyanatın mətnini təqdim edir:
"Türk Dövlətləri Təşkilatının hökumət başçıları və Vitse-prezidentinin ikinci görüşü 2 aprel 2026-cı il tarixində Bakıda keçirilmişdir.
Görüşdə Azərbaycanın Baş naziri cənab Əli Əsədov, Türkiyənin Vitse-prezidenti cənab Cevdet Yılmaz, Qazaxıstanın Baş naziri cənab Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri cənab Adılbek Kasımaliyev, Özbəkistanın Baş naziri cənab Abdulla Aripov, Şimali Kipr Türk Respublikasının Baş naziri cənab Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini cənab Nökərgulu Ataguliyev, həmçinin TDT-nin Baş katibi cənab Kubanıçbek Ömürəliyev iştirak etmişlər.
TDT-yə üzv dövlətlərin Hökumət Başçıları/Vitse-prezidenti, 2025-ci il 18 sentyabr tarixində Bişkekdə Qırğızıstanın sədrliyi dövründə keçirilmiş birinci görüşün uğurla təşkil olunmasını alqışlamışlar;
Azərbaycanın TDT-də davam edən sədrliyinə dəstək ifadə etmiş və birlik, institusional potensialın gücləndirilməsi və prioritet sahələr üzrə praktiki əməkdaşlığın inkişafına yönəlmiş fəal səylərini yüksək qiymətləndirmişlər;
Naxçıvan Sazişi və TDT-nin digər əsas sənədləri çərçivəsində üzv dövlətlərin öhdəliklərini bir daha təsdiqləmiş və TDT çərçivəsində sıx əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və davamlı inkişafın təşviqində mühüm rol oynadığını vurğulamışlar;
2025-ci il 7 oktyabr tarixində Qəbələdə “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş TDT-nin 12-ci Zirvə görüşünün nəticələrinin əhəmiyyətini qeyd etmiş, dəyişən geosiyasi və təhlükəsizlik çağırışları fonunda qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin möhkəmləndirilməsi məqsədilə əməkdaşlığın intensivləşdirilməsi barədə razılığın əldə olunduğunu vurğulamışlar;
Bu çərçivədə, 7 mart 2026-cı il tarixində İstanbulda keçirilmiş TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının nəticələrini müsbət qiymətləndirmiş, regionda sülh və təhlükəsizliyə birbaşa təhdid yaradan regional və qlobal proseslər üzrə geniş məsləhətləşmələrin aparılması üçün mühüm imkan kimi dəyərləndirmişlər;
Üzv və müşahidəçi dövlətlər arasında iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının genişləndirilməsinin, o cümlədən birgə layihələrin təşviqi, biznes və investisiya mühitinin yaxşılaşdırılması və bizneslərarası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulamışlar;
Türk Dünyası Baxış-2040 sənədini nəzərə alaraq, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması yolu ilə üzv dövlətlər arasında ticarət həcminin artırılmasına sadiqliyini ifadə etmişlər;
Sənaye inkişafının iqtisadi artıma töhfəsini və dayanıqlı iqtisadi modelin formalaşmasındakı rolunu qeyd edərək, qarşılıqlı maraq doğuran sənaye sahələrində əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildirmişlər;
Standartlaşdırma, rəqəmsallaşma və yaşıl texnologiyaların təşviqi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etmişlər;
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinin davamlı iqtisadi artım və ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulamışlar;
Enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və enerji marşrutlarının təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd etmişlər;
Neft, qaz və digər karbohidrogenlərin nəqli sahəsində mövcud infrastrukturun səmərəli istifadəsini və genişləndirilməsini dəstəkləmişlər;
Yaşıl enerji layihələrinin inkişafı və ötürülməsi sahəsində əldə olunmuş irəliləyişi alqışlamış və Yaşıl Enerji Dəhlizinin inkişafına güclü dəstək ifadə etmişlər;
Kritik mineralların enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulamış və əməkdaşlıq imkanlarının araşdırılmasına çağırmışlar;
Enerji səmərəliliyinin artırılması və qabaqcıl təcrübələrin paylaşılmasının təşviq olunmasını dəstəkləmişlər;
Nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasını dəstəkləmişlər;
İnnovasiya, rəqəmsal transformasiya və süni intellektin iqtisadi inkişaf üçün strateji əhəmiyyətini qeyd etmiş və bu sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləmişlər;
Kosmik texnologiyaların artan əhəmiyyətini nəzərə alaraq, bu sahədə birgə təşəbbüslərin təşviqini dəstəkləmişlər;
Nəqliyyat dəhlizlərinin inkişafını və rəqəmsal əlaqələndirmə infrastrukturunun inteqrasiyasını dəstəkləmişlər;
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğulamışlar;
TDT Zirvə görüşlərində qəbul edilmiş qərarların icrasının təmin edilməsinin vacibliyini bir daha təsdiqləmişlər;
Qazaxıstanın 2026-cı ildə Türküstanda Süni İntellekt və Rəqəmsal İnkişaf mövzusunda qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi təşəbbüsünü alqışlamışlar;
Tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycana dərin minnətdarlıqlarını bildirmişlər.
2 aprel 2026-cı il tarixində Bakıda ingilis dilində qəbul edilmişdir".
***
12:38
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin ikinci iclasında yekun olaraq birgə bəyanat qəbul edilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.
Baş nazir bildirib ki, gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə məhsuldar və konstruktiv müzakirələr aparılıb:
"Hörmətli həmkarlarımın çıxışlarında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm fikirlər səsləndirildi. Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad Təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır".
***
11:00
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin ikinci iclası keçirilir.
Teleqraf-ın məlumatına görə, tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın hökumət başçıları, Türkiyənin vitse-prezidenti, həmçinin TDT-nin Baş katibi iştirak edirlər.
Görüşdə iqtisadi əlaqələr və nəqliyyat-loqistika məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, hökumət başçılarının ilk iclası ötən il sentyabrın 18-də Qırğızıstanda keçirilib.