BAKI, 2 aprel. TELEQRAF
Avstraliya hökuməti Yaxın Şərqdəki münaqişə səbəbindən yaranan qlobal iqtisadi çətinliklər fonunda ölkə biznesini dəstəkləmək üçün 4 milyard dollardan çox vəsait ayıracaq.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin baş naziri Entoni Albanizi açıqlama verib.
Onun sözlərinə görə, təcili qaydada ayrılacaq 4,1 milyard dollar yerli istehsalın və müəssisələrin fəaliyyətini dəstəkləməyə, həmçinin təchizat zəncirlərini bazardakı pozuntulardan qorumağa kömək edəcək. Albanizi bildirib ki, xaricdə baş verən misli görünməmiş hadisələr ölkə daxilində biznes fəaliyyətinə mənfi təsir göstərir və hökumət bu sahəni ciddi şəkildə dəstəkləmək niyyətindədir.
Baş nazir əlavə edib ki, hökumət həmçinin təxminən 650 milyon dollarlıq İqtisadi Dayanıqlılıq Proqramı, 3,3 milyard dollarlıq "Net Zero" Fondu və təxminən 100 milyon dollarlıq Meşə Sənayesinin İnkişafı Fondu çərçivəsində güzəştli maliyyələşmə imkanlarını açacaq. Onun sözlərinə görə, bu addımlar nəqliyyat sisteminin fasiləsiz fəaliyyətini təmin edəcək və əsas istehsal proseslərinin davamlılığını qoruyacaq.