BAKI, 2 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 1-də Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan dəmir yolu şəbəkəsinin konsessiya idarəçiliyinin İrəvan və Moskva ilə dostluq münasibətləri olan başqa ölkəyə verilməsi məsələsini ətraflı müzakirə edib.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
“Bəli, bu məsələ ətraflı müzakirə olunub, mövqelərimizi və baxışlarımızı təqdim etdik, rusiyalı tərəfdaşlarımızın mövqelərini də dinləyib müzakirələri davam etdirmək barədə razılığa gəldik. Müzakirələrin mənası belədir: problem yalnız bir cümlə ilə ifadə olundu ki, Ermənistan Respublikası bu durumda rəqabət potensialını itirir. Problemimiz ondan ibarətdir ki, Ermənistan rəqabət potensialını tam şəkildə reallaşdırmaq imkanına malik olmalıdır. Rusiya ilə heç bir problemimiz yoxdur, dostluq münasibətlərimizi yüksək qiymətləndiririk və Rusiyanın maraqlarına heç bir şəkildə zərər vurmaq istəmirik. Digər tərəfdən, bu vəziyyət rəqabət üstünlüklərimizdən istifadə etmək üçün fürsət yaratmır, hansı həll yolu tapa biləcəyimiz barədə birlikdə düşünməliyik”, - Baş nazir bildirib.