BAKI, 2 aprel. TELEQRAF

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) birgə bəyanatla çıxış ediblər.

Bildirilib ki, həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərin şəxsiyyəti müəyyənləşdirilir.

"Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir.

Hazırda tarixi abidəyə edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və binanın ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür", - bəyanatda qeyd olunub.