BAKI, 2 aprel. TELEQRAF

Suriya hava məkanı ən azı daha iki sutka müddətinə bütün uçuşlar üçün bağlı qalacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Dəməşq” uçuş məlumatları bölgəsinin dispetçer xidmətindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, ölkənin hava məkanı cümə günü, 3 aprel saat 21:00-dək (Bakı vaxtı ilə 4 aprel saat 01:00) bağlı olacaq. Bu müddət ərzində yalnız aviasiya hakimiyyət orqanlarının əvvəlcədən razılıq verdiyi uçuşların həyata keçirilməsinə icazə veriləcək.

Həmçinin xatırladılıb ki, daha əvvəl Suriya Hələb Beynəlxalq Hava Limanı istiqamətində sərnişin reyslərinin qəbuluna icazə verilib. Bu uçuşlar üçün üç marşrut müəyyən edilib, onlardan ikisi Türkiyə sərhədinə, biri isə Aralıq dənizi istiqamətində Nikosiya dispetçerlərinin nəzarət etdiyi zonanın sərhədinə qədər uzanır.

Qeyd edək ki, Suriya hava məkanında məhdudiyyətlər fevralın 28-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat fonunda tətbiq olunub.