BAKI, 2 aprel. TELEQRAF
Qətər limanlarında konteyner daşımalarının həcmi və qəbul edilən gəmilərin ümumi sayı mart ayının yekunlarına görə əvvəlki ayla müqayisədə 60%-dən çox azalıb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin dövlət liman idarəetmə şirkəti “Mwani Qatar”ın statistik hesabatında qeyd edilib.
Məlumata görə, martda ölkə limanları (ən iri Həməd və Rüveys limanları daxil olmaqla) cəmi 85 gəmi qəbul edib. Bu, fevral göstəricisi (237 gəmi) ilə müqayisədə təxminən üç dəfə (64%) azdır. Emal olunan konteynerlərin həcmi isə 63% azalaraq fevraldakı 118,4 mindən martda 44 minə düşüb.
Dəniz ticarətindəki geriləmə fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və İranın cavab zərbələri fonunda Fars körfəzi zonasında vəziyyətin kəskinləşməsi ilə əlaqələndirilir. Bu səbəbdən Qətər hakimiyyəti logistika zəncirlərini Səudiyyə Ərəbistanı ilə quru sərhədi və yük aviasiyası istiqamətinə yönləndirir.