BAKI, 2 aprel. TELEQRAF
“Bəli, mən demişəm ki, orduda qorxaq general və fərarilər var. İndi onların çoxu məhkəmə qarşısına çıxarılır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan brifinqdə bundan öncə verdiyi bəyanatlar xatırladılanda söyləyib.
“O cümlədən talançı, qanunsuz əmlak və korrupsiya işləri ilə bağlı mühakimə olunan generallar var”, - o əlavə edib.
Paşinyanın sözlərinə görə, “qəhrəman” sözünü ehtiyatla istifadə etmək lazımdır: “Çünki bu sözdən o qədər istifadə etmişik ki, həqiqi qəhrəmanları yalançı qəhrəmanlarla qarışdırmışıq”.
Baş nazir hamısına şamil etməsə də, Ermənistan ordusunda qorxaq və fərari generalların olduğunu bildirib:
“Qarnı özündən üç metr qabağa qaçan general olar? Bu, ümumiyyətlə, hərbçi üçün nümunədirmi? Hərbçi fiziki hazırlıq üzrə müəyyən standartlara cavab verməlidir.
Qarabağdan durub gəliblər, üzr istəyirəm ifadəmə görə, burada “kişiləşiblər”. Amma 44 günlük müharibə zamanı onların tarixçəsini öyrənəndə görürsən ki, biri panika yaradıb, biri fərari olub, biri isə övladını postlardan qaçırıb”.
Ermənistan Baş naziri belələrinin adlarının bir-bir açıqlanacağını və məhkəmə qarşısında cavab verəcəklərini də sözlərinə əlavə edib.