BAKI, 24 iyun. TELEQRAF

İyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının (İƏTPİ) 20-ci sessiyasının açılış mərasimi olub.

Bu barədə Teleqraf-a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

"Sonra Qurani-Kərimdən ayələr qiraət olunub.

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tədbir iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Milli Məclisin sədri Sahibə Qafarova səsləndirib (Müraciətin mətni mediada dərc edilib).

Sonra İƏTPİ sədrliyinin təhvil-təslim mərasimi keçirilib və İndoneziya Nümayəndələr Palatasının, həmçinin İƏT Pİ Konfransının 19-cu sessiyasının sədri Puan Maharani videomüraciətlə çıxış edib.

Puan Maharani müraciətində təşkilatın ötən dövrdə üzv ölkələr arasında dialoqun, sülhün və davamlı inkişafın təşviqinə mühüm töhfələr verdiyini deyib. O, konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib, sessiyanın məhsuldar müzakirələr, mühüm qərarlarla yadda qalacağına əminliyini bildirib və Azərbaycana təşkilata sədrlikdə uğurlar arzulayıb.

Sonra Milli Məclisin sədri, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının sədri Sahibə Qafarova açılış nitqi ilə çıxış edib.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan parlamenti İƏTPİ-nin sədrliyini öz üzərinə götürərək, İttifaqın prinsiplərinin, məqsədlərinin və ortaq dəyərlərinin inkişaf etdirilməsinə tam sədaqətlə yanaşır.

Spiker Sahibə Qafarova deyib ki, Milli Məclisin İƏTPİ-yə sədrliyi Azərbaycanın İslam dünyası ilə həmrəyliyin və sıx əlaqələrin möhkəmləndirilməsinə olan sadiqliyini əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli, həm də ortaq təşkilatlarımız çərçivəsində münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Çıxışda qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı və onun üzv dövlətləri ərazilərimizin işğalı dövründə, eləcə də münaqişədən sonrakı dövrdə Azərbaycanla həmrəyliklərini həmişə ifadə ediblər. Son 30 ildə İƏT və İƏTPİ tərəfindən erməni təcavüzünü qınayan, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 100-dən artıq qərar və qətnamə qəbul edilib.

Azərbaycanın haqlı mövqeyinə daimi dəstəklərinə görə üzv ölkələrə və parlamentlərə minnətdarlığını bildirən Milli Məclisin sədri diqqətə çatdırıb ki, İslam həmrəyliyi prinsiplərini yüksək qiymətləndirən ölkəmiz onun təşviqində və daha da möhkəmləndirilməsində fəal iştirak edir. Azərbaycan İƏT Gənclər Forumunun və İƏT Əmək Mərkəzinin yaradılması kimi müxtəlif təşəbbüslər irəli sürüb və dəfələrlə müxtəlif tədbirlər üçün ev sahibi ölkə kimi seçilib.

Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan İslam mədəniyyətini təşviq edən və İslamın sülh və mərhəmət dini kimi həqiqi mahiyyətini nümayiş etdirən çoxsaylı tədbirlər təşkil edib və təşəbbüslər irəli sürüb.

O, diqqətə çatdırıb ki, Azərbaycanın Fələstin məsələsində tutduğu mövqe və göstərdiyi humanitar yardımlar dünya ictimaiyyətinə yaxşı məlumdur.

Milli Məclisin sədri bildirib ki, zəngin tarixinə və mədəni irsinə, böyük təbii və insan resurslarına baxmayaraq, bu gün İslam dünyası hələ də həllini gözləyən ciddi çətinliklərlə üzləşir. Yoxsulluq, sosial və iqtisadi bərabərsizliklər, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm davamlı inkişaf səylərinə ağır şəkildə təsir edir və onları məhdudlaşdırır. Bu çətinlikləri aradan qaldırmaq və potensialını tam həyata keçirmək üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi əbədi İslam dəyərlərinə uyğun olaraq birlik və həmrəyliyə ehtiyac duyduğunu bildirən spiker Sahibə Qafarovanın sözlərinə görə, getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqəli olan bir dünyada müsəlman ölkələri üçün birgə fəaliyyət göstərmək, bir-birinə dəstək olmaq və ortaq məqsədlər uğrunda çalışmaq heç vaxt bu qədər vacib olmayıb.

Çıxışda qeyd olunub ki, parlamentlər bütün bu məsələlərin həllində mühüm rol oynamalıdırlar. Eyni dinə sahib olan dost və qardaş xalqlarımızın nümayəndələri olaraq, ziddiyyət və bölünmələr əvəzinə həmrəyliyi, dialoqu və birliyi təşviq etməliyik.

Milli Məclisin sədri vurğulayıb ki, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm və effektiv bir çətir halına gəlib və əməkdaşlığın, birgə fəaliyyətlərin və ortaq məsələlər üzrə qəti mövqeyimizin inkişafı üçün vacib bir platformadır. Parlament diplomatiyası, dialoq və təcrübə mübadiləsi vasitəsilə cəmiyyətlərimizin üzləşdiyi çətinliklərin həllinə töhfə verə və xalqlarımızın rifahının artırılmasına nail ola bilərik.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, son bir neçə gün ərzində nümayəndə heyətləri Parlament İttifaqının orqanları çərçivəsində səmərəli və məhsuldar görüşlər keçiriblər. Bu müzakirələr əməkdaşlığımızı daha da möhkəmləndirmək və ortaq çətinliklərə birgə həllər tapmaq əzmimizin paylaşıldığını nümayiş etdirir. Bu kontekstdə, 20-ci sessiyanın mövzusu - “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” - həm vaxtında, həm də olduqca aktualdır.

Qlobal iqtisadiyyatın getdikcə artan qarşılıqlı əlaqələrin dövlətlərimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayan Sahibə Qafarova bildirib ki, iqtisadi əlaqələri möhkəmləndirməklə, münasibətləri genişləndirməklə, investisiyaları təşviq etməklə, bilik və innovasiya mübadiləsini asanlaşdırmaqla gələcək nəsillərin xeyrinə regionumuzun nəhəng potensialından daha yaxşı istifadə edə bilərik.

Milli Məclisin sədri qeyd edib ki, davamlı və inklüziv iqtisadi inkişaf ölkələrimiz üçün ortaq məqsəddir. Bu məqsədə nail olmaq parlament əlaqələri vasitəsi də daxil olmaqla, bütün səviyyələrdə əlaqələndirilmiş səylər və əməkdaşlığa sadiqlik tələb edir. Onun sözlərinə görə, təşkilata üzv ölkələrin parlamentləri ticarət və investisiyalar qarşısındakı maneələrin aradan qaldırılmasına kömək etmək, gömrük əməkdaşlığını genişləndirmək və mövcud İƏT ticarət və iqtisadi əməkdaşlıq mexanizmlərinin effektiv tətbiqini təşviq etmək üzərində birgə işləyə bilər.

Spiker Sahibə Qafarova bildirib ki, qarşılıqlı əməkdaşlıq vasitəsilə həmçinin, regional əlaqələri möhkəmləndirən, ticarəti asanlaşdıran və İƏT-ə üzv dövlətlər arasında davamlı iqtisadi inteqrasiyaya töhfə verən təhlükəsiz, dayanıqlı nəqliyyat, tranzit və logistika dəhlizlərinin inkişafını da dəstəkləyə bilərik.

Bundan əlavə, Milli Məclisin sədri qeyd edib ki, enerji təhlükəsizliyi, bərpa olunan enerji sahələrində əməkdaşlığın təşviqi də məqsədlərimizə nail olmağa töhfə verəcək.

O, çıxışına yekun vuraraq, diqqətə çatdırıb ki, İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı parlamentlərimiz arasında ünsiyyət, əlaqələndirmə və əməkdaşlıq üçün mühüm institusional çərçivə təmin edir. Azərbaycan Respublikasının Milli Məclisi İƏTPİ-nin sədrliyini öz üzərinə götürərkən, İttifaqın rolunu möhkəmləndirmək və ortaq prioritetləri inkişaf etdirmək üçün bütün üzv parlamentlərlə sıx əməkdaşlıq etməyə hazırdır.

Sonra İƏT Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass mərasim iştirakçılarını salamlayıb.

Baş katib Muhammed Xurayçi Niyass çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə Konfransa göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Baş katib qeyd edib ki, hazırda dünya beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaradan ciddi çağırışlarla üzləşir. O, bu şəraitdə sülhün, dialoqun və qarşılıqlı anlaşmanın təşviqinin xüsusi əhəmiyyət daşıdığını deyib.

Sonra sessiyanın gündəliyindəki məsələlərə baxılıb. Əvvəlcə bir sıra təşkilati məsələlər müzakirə olunub. Təşkilatın yeni büro üzvləri müəyyənləşdirilib. İƏT Pİ-də Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov sessiyanın məruzəçisi seçilib. Həmçinin, təşkilatın baş katibinin hesabatı təsdiqlənib və digər məsələlər nəzərdən keçirilib.

Sonra üzv ölkələrin parlament sədrləri çıxış ediblər.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf, Mozambik Respublikası Respublika Assambleyasının sədri Marqarida Talapa, İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi, Niger Respublikası Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali, Qətər Dövləti Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim, Yəmən Respublikası Nümayəndələr Palatasının sədri Sultan Səid Əlbarkani, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Ziya Öztürkler tədbirdə çıxış ediblər. Spikerlər çıxışlarında İslam dünyasının üzləşdiyi çağırışlara qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Natiqlər parlament diplomatiyasının sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqində mühüm rol oynadığını qeyd ediblər. Onlar müsəlman ölkələrini narahat edən problemlərin həllində birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıblar. Çıxışlarda İƏT-ə üzv dövlətlər arasında dialoq və qarşılıqlı etimadın möhkəmləndirilməsinə, habelə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətin bundan sonra da davam etdirilməsinə dəstək ifadə olunub.

Fasilədən sonra sessiyaya Milli Məclis sədrinin müavini, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov moderatorluq edib.

Sessiyada çıxış edən Rafael Hüseynov vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı artıq mühüm inkişaf yolu keçmiş, dəyərli təcrübə toplamış və qlobal proseslərə təsir göstərmək qabiliyyətini nümayiş etdirmişdir. O, bu əlaqələrin qarşılıqlı dəstəyin möhkəmlənməsinə və münaqişələrin həllində vasitəçilik imkanlarının yaranmasına töhfə verdiyini bildirib.

Sonra Burkina Faso Milli Assambleyasının vitse-spikeri Fofana Haoua, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Altayer, İraq Nümayəndələr Şurası sədrinin birinci müavini Adnan Faihan Musa, Çad Senatının vitse-spikeri Mbang Hadji Voli, Kot-d'İvuar Senatının vitse-spikeri Sako Nee Toure Sarra, Mərakeş Krallığı Nümayəndələr Palatası sədrinin müavini Mohamed Qayat, Qırğız Respublikası Joqorku Keneşinin birinci vitse-spikeri Jıldız Taalaybek Kızı, Mali Milli Keçid Şurasının vitse-spikeri Muhammed Osman, Qvineya-Bisau Milli Keçid Şurasının birinci vitse-spikeri Sanha Garamba, təşkilata üzv ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri çıxış edərək İslam dünyasında həmrəyliyin, əməkdaşlığın və ortaq çağırışlara qarşı birgə fəaliyyətin əhəmiyyətindən danışıblar.

Sessiya öz işini sabah davam etdirəcək", - məlumatda qeyd olunub.