BAKI, 14 dekabr. TELEQRAF

Alimlər Günəş sistemindən kənarda yerləşən çox isti və kiçik daş tərkibli planetin atmosferə malik olduğunu müəyyən ediblər. Bu, indiyədək belə planetlərin atmosferi tez itirdiyi barədə mövcud fikirlərə ziddir.

Teleqraf "Interesting Engineering"ə istinadən xəbər verir ki, astronomlar “Ceyms Uebb” kosmik teleskopu vasitəsilə TOI-561 b adlı “super Yer” tipli ekzoplaneti araşdırıblar. Planet öz ulduzu ətrafında cəmi 10,5 saata tam dövr edir və ona son dərəcə yaxın məsafədə yerləşir.

Araşdırmalar göstərib ki, Yer kürəsindən iki dəfə ağır olan TOI-561 b ulduzuna həddindən artıq yaxın olmasına baxmayaraq, hələ də atmosferini saxlayır. Alimlər daha əvvəl belə planetlərin çox isti olduqları üçün atmosferlərini tez itirdiyini düşünürdülər.

Müşahidələr zamanı planetin gündüz tərəfində temperaturun gözləniləndən xeyli aşağı olduğu məlum olub. Əgər planet atmosferi olmayan qayalı cisim olsaydı, temperatur təxminən 2700°C olmalı idi. Lakin real temperatur 1750°C ətrafında ölçülüb. Bu isə istiliyin planet daxilində paylandığını və atmosferin mövcud olduğunu göstərir.

Alimlərin fikrincə, planetdə güclü küləklər istiliyi gecə tərəfinə daşıyır, qaz qatları isə ulduzdan gələn şüalanmanın bir hissəsini udur. Buna baxmayaraq, planetin ulduza bu qədər yaxın məsafədə atmosferini necə qoruduğu hələ də araşdırılır.

Tədqiqat “Ceyms Uebb” teleskopunun müşahidə proqramı çərçivəsində aparılıb və alimlər atmosferin tərkibini daha dəqiq müəyyən etmək üçün analizləri davam etdirirlər.