BAKI, 2 aprel. TELEQRAF

“Minilliklər boyu formalaşmış mənəvi və mədəni yaxınlıq müasir dövrdə dövlətlərarası əməkdaşlığın təkmilləşdirilməsində əsas meyarlardan biridir”.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulu Ataqulıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

N. Ataqulıyev bildirib ki, tarixi və mədəni oxşarlıqlar dövlətlərarası münasibətlər üçün etibarlı bünövrə yaradır. O, Türkmənistanın xarici ticarət dövriyyəsində TDT ölkələrinin payının davamlı olaraq artdığını və iqtisadi münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Nazir müavini gələcək tərəfdaşlıq üçün Türkmənistanın prioritet hesab etdiyi sahələri diqqətə çatdırıb: “Qarşılıqlı investisiya qoyuluşlarının artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, enerji sektorunda etibarlı, sabit və şaxələndirilmiş təchizatın təmin edilməsi, eləcə də ortaq maraqlara xidmət edən birgə iqtisadi layihələrin praktiki icrası əsas hədəflərdir”.

N. Ataqulıyev həmçinin qeyd edib ki, Türkmənistan türk dövlətləri ilə qarşılıqlı fəaliyyəti regionda sabitliyin və davamlı tərəqqinin əsas şərtlərindən biri kimi görür.