KƏLBƏCƏR, 2 aprel. TELEQRAF

2 aprel – Kəlbəcərin işğalından 33 il ötür. Bununla əlaqədar bir qrup Kəlbəcər sakini və rayonda məskunlaşmış vətəndaşlar anım mərasimi keçiriblər.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, tədbirdə rayon sakinləri, dövlət rəsmləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Mərasim iştirakçıları əvvəlcə işğal zamanı həyatını itirən şəhidlərin xatirəsini yad ediblər. Onların ruhuna dualar oxunub, qəhrəmanlıq yolundan bəhs olunub.

Çıxış edənlər Kəlbəcərin işğalının Azərbaycan tarixində ağır və faciəli səhifələrdən biri olduğunu vurğulayıblar. Bildirilib ki, həmin dövrdə rayon sakinləri böyük çətinliklər və məhrumiyyətlərlə üzləşiblər, minlərlə insan doğma yurd-yuvasını tərk etməyə məcbur qalıb. Eyni zamanda qeyd olunub ki, şəhidlərin xatirəsi daim uca tutulur və onların qəhrəmanlığı heç vaxt unudulmayacaq.

Anım mərasiminin iştirakçıları Kəlbəcərin azad olunmasının xalqımız üçün böyük tarixi qələbə olduğunu da diqqətə çatdırıblar.