BAKI, 2 aprel. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir" fikri TDT ölkələrinin iradəsinin ən güclü dayağıdır.

Teleqraf xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

Baş nazir hazırda dünyanın ciddi siyasi və iqtisadi böhranlarla üz-üzə qaldığını diqqətə çatdırıb:

"Müharibələr, iqtisadi çətinliklər, qlobal iqlim böhranının təsirləri və qeyri-qanuni miqrasiya dünyanı olduqca riskli bir məkana çevirib. Belə bir şəraitdə Türk dövlətlərinin strateji həmrəyliyi millətimiz üçün tarixi zərurətdir".

Yaxın Şərqdə və dünyanın müxtəlif bölgələrində davam edən humanitar faciələrin qlobal təhlükəsizliyə ağır zərbə vurduğunu qeyd edən Baş nazir, Türk dünyasının bu proseslərdəki rolunu xüsusi qeyd edib:

"Biz müharibə və göz yaşları ilə kölgələnən bu bölgələrdə Türk dünyasının düzgün və qətiyyətli mövqeyinin sülhün yeganə zəmanəti olduğuna inanırıq. Şimali Kipr Türk Cümhuriyyəti olaraq, dünyanın hər yerində zülmə qarşı mübarizə aparmağa və ədaləti müdafiə etməyə hazırıq".