BAKI, 12 dekabr. TELEQRAF

ABŞ Ukrayna ordusunun Donbasdan geri çəkilməsini və Kiyevin hazırda nəzarət etdiyi ərazilərdə “azad iqtisadi zona” yaradılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə jurnalistlərə açıqlama verib.

Zelenskinin sözlərinə görə, əvvəlki mərhələdə ABŞ Kiyevdən nəzarətində qalan Donbas hissələrinin Rusiyaya verilməsini istəmişdi. Yeni təklifdə isə Ukrayna ordusunun geri çəkilməsi nəzərdə tutulur, lakin Rusiyanın irəliləməyəcəyi bildirilir.

Ukrayna Prezidenti planı ədalətli hesab etmədiyini vurğulayıb: “Əgər bir tərəf geri çəkilirsə, digəri olduğu yerdə qalırsa, rus qoşunlarını nə saxlayacaq? Yaxud onların mülki şəxs kimi gizlənib həmin zonanı tutmasının qarşısını kim alacaq?”

Zelenski qeyd edib ki, hər hansı belə razılaşma yalnız ukraynalıların referendum və ya seçki yolu ilə təsdiqindən sonra mümkün ola bilər.

Prezident əlavə edib ki, ABŞ-nin təqdim etdiyi plana Kiyevin düzəlişləri Vaşinqtona göndərilib və müzakirələr davam edir. Hazırda əsas mübahisəli məsələlərdən biri ərazi nəzarəti və Zaporojye AES-inin statusudur.

Məlumata görə, təklifə əsasən Donbasda Ukrayna geri çəkilməli, Xerson və Zaporojye bölgələrində cəbhə xətti dondurulmalı, Rusiya isə bəzi kiçik ərazilərdən imtina etməlidir.

Qeyd edək ki, Donald Tramp Zelenskiyə planı qəbul etməsi üçün təzyiqləri artırıb və son günlər Ukrayna liderini sərt tənqid edib.

NATO Baş katibi Mark Rutte isə Berlində çıxışında xəbərdarlıq edərək bildirib ki, Putin Ukraynada məqsədinə çatsa, Avropada yeni müharibə riskləri kəskin artacaq.