BAKI, 5 dekabr. TELEQRAF
Avropa İttifaqı və “Böyük yeddilik” (G7) ölkələri Rusiya neftinin qiymət tavanı mexanizmini ləğv edib, onun yerinə Qərb şirkətlərinin Rusiyaya məxsus xam neftin dəniz yolu ilə daşınmasına tam qadağa tətbiq etməyi müzakirə edirlər.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, sözügedən qadağa 2026-cı ilin əvvəlində qəbul olunması planlaşdırılan yeni Aİ sanksiya paketinin və G7-nin analoji tədbirlərinin tərkib hissəsi ola bilər.
Mənbələr bildiriblər ki, ideya G7-nin texniki səviyyəli danışıqlarında ABŞ və Böyük Britaniya nümayəndələri tərəfindən aktiv şəkildə irəli sürülür. Qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın yekun mövqeyi isə Ukraynadakı münaqişənin dayandırılması ilə bağlı onun sülhməramlı təşəbbüslərinin nə dərəcədə uğurlu olacağından asılı olacaq.