BAKI, 30 oktyabr. TELEQRAF

Çinin Şanxay şəhəri 2030-cu ilə qədər orbitə 3 min internet peyki çıxarmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Çinin “China Daily” qəzeti məlumat yayıb.

Bildirilib ki, Şanxayın İqtisadiyyat və İnformasiyalaşdırma Komissiyası şəhərin Suntszyan rayonunda keçirilən sənaye konfransında peyk interneti sektorunun innovasiyası və inkişafına dair 2027–2030-cu illəri əhatə edən fəaliyyət planını təqdim edib.

Sənəddə dörd əsas strateji istiqamət müəyyənləşdirilib: texnoloji imkanların gücləndirilməsi, infrastrukturun inkişafı, sənaye klasterlərinin təkmilləşdirilməsi və peyk internetinin tətbiq sahələrinin genişləndirilməsi.

Plana əsasən, 2030-cu ilə qədər Şanxayda peyk interneti sənayesinin həcminin 80 milyard yuana (təxminən 12 milyard dollar) çatdırılması nəzərdə tutulur.

Çin Rabitə İnstitutunun fəxri prezidenti Çjao Houlin konfransda çıxışı zamanı peyk internetinin qlobal rəqəmsal inteqrasiya baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

“Peyk interneti yerüstü və kosmik informasiya şəbəkələrinin inteqrasiyası, eləcə də qlobal rəqəmsal əlaqələrin inkişafı üçün mühüm əsasdır”, – deyə o bildirib.

Qeyd edək ki, Şanxayın aparıcı peyk layihəsi olan “Tsianfan” indiyədək aşağı Yer orbitinə 256 internet peyki çıxarıb. İlin sonunadək bu rəqəmin 324-ə çatdırılması planlaşdırılır.

Şanxay avtomobil və gəmiqayırma, aerokosmik sənaye, əczaçılıq, maliyyə, logistika, yarımkeçiricilər, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində Çinin əsas sənaye mərkəzlərindən biridir.

Çin Sədri Si Cinpin 2025-ci ilin aprelində şəhərə səfəri zamanı Şanxayın qlobal elmi-texnoloji innovasiya mərkəzinə çevrilməsinin vacibliyini vurğulamışdı.