BAKI, 30 oktyabr. TELEQRAF
Hakerlər “Polymarket” onlayn proqnoz platformasındakı texniki boşluqdan istifadə edərək istifadəçilərin hesablarından azı 2,6 milyon dollar oğurlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, kiberhücuma “Polymarket” saytında istifadə edilən “DebugBear” adlı üçüncü tərəf performans monitorinqi alətindəki təhlükəsizlik boşluğu səbəb olub.
Hadisədən sonra “Polymarket” şirkəti “DebugBear”ın yerləşdiyi Böyük Britaniyanın hüquq-mühafizə orqanlarına müraciət edib.
Şirkət istifadəçilərə məxsus vəsaitlərin ələ keçirildiyini təsdiqləyib və hücumun nəticələrini aradan qaldırmaq məqsədilə beynəlxalq platformasında ticarət əməliyyatlarını müvəqqəti dayandırıb.
WSJ-nin blokçeyn pul kisələri üzərində apardığı təhlilə əsasən, hakerlərə məxsus olduğu ehtimal edilən kriptovalyuta cüzdanına istifadəçilərin hesablarından 2,5 milyon dollardan çox vəsait köçürülüb.
Məlumata görə, 700-dən çox istifadəçi hesabından pul oğurlanıb.
Qeyd edək ki, WSJ sentyabr ayında da “Polymarket”in 2026-cı il ərzində azı iki dəfə dələduzluq hücumlarına məruz qaldığını yazmışdı.
“Polymarket” istifadəçilərin real hadisələrin nəticələrinə kriptovalyuta ilə mərc etdikləri onlayn proqnoz platformasıdır.