BAKI, 5 dekabr. TELEQRAF
Cənubi Koreyanın ABŞ Prezidenti Donald Trampın açıq dəstəyi ilə nüvə mühərrikli sualtı qayıqlar proqramını sürətləndirməsi Asiyada təhlükəsizlik balansını dəyişə və regionda sualtı silahlanma yarışını gücləndirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters Seul" Vaşinqton və Tokiodakı mənbələrə istinadən xəbər verir.
Seul uzun illərdir Şimali Koreyanın sualtı təhlükəsinə cavab olaraq nüvə ilə işləyən sualtı qayıqlar əldə etməyə çalışıb. Trampın nüvə sazişi çərçivəsində yanacaq təminatına “yaşıl işıq” yandırması ABŞ-nin onilliklərdir davam edən müqavimətini aradan qaldırdı.
Cənubi Koreya hökuməti nüvə sualtı qayıqlarının yalnız Şimali Koreyanın ballistik raket daşıya bilən sualtı gəmilərinə qarşı müdafiə məqsədi daşıdığını vurğulayır. Prezident Li Ce Myon razılığı “mühüm irəliləyiş” adlandırıb və bunun ölkənin müdafiə çevikliyini artıracağını deyib.
Şimali Koreya bu planın “nüvə domino effekti” yarada biləcəyi barədə xəbərdarlıq edib. Ekspertlər Pxenyanın Rusiya ilə texniki əməkdaşlıq əsasında oxşar proqram üzərində işləyə biləcəyini istisna etmir.
Tokioda isə Cənubi Koreyanın sürətli irəliləyişi və Trampın açıq dəstəyi ciddi narahatlıq yaradıb. Yaponiya müdafiə naziri Şinciro Koidzumi nüvə mühərrikinə keçidin variantlardan biri olduğunu bildirib, lakin Tokio hələ rəsmi tədqiqatlara başlamadığını deyir.
"38 North" analitik mərkəzi xəbərdarlıq edir ki, Çin indi susqun davranmasına baxmayaraq, Seulun planları sürətləndikcə münasibət dəyişə bilər. Prezident Li keçən ay Si Cinpinə izah edib ki, bu qayıqlar yalnız müdafiə xarakteri daşıyır.