BAKI, 5 dekabr. TELEQRAF

İsraildə yaşayan azı 25 min ukraynalı qaçqın müvəqqəti müdafiə proqramının vaxtında uzadılmaması səbəbindən ölkədən deportasiya oluna bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Haaretz" qəzeti məlumat yayıb.

Bildirilir ki, qaçqınların İsrail ərazisində qalmasına və işləməsinə imkan verən icazələrin müddəti dekabrın sonunda başa çatacaq. Hökumət isə hələlik proqramın uzadılması ilə bağlı yekun qərar qəbul etməyib, məsələ müzakirə mərhələsindədir.

Məlumata görə, müvəqqəti müdafiənin uzadılmaması halında on minlərlə ukraynalı deportasiya təhlükəsi ilə üzləşəcək. Qeyd olunur ki, bir neçə hüquq-müdafiə təşkilatı hələ 2024-cü ilin noyabr ayında müvafiq qurumlara müvəqqəti müdafiənin uzadılması ilə bağlı azı üç müraciət göndərib. Lakin indiyədək bu müraciətlərə rəsmi cavab verilməyib.

Xatırladaq ki, Ukraynadan olan qaçqınlar 2022-ci ildən etibarən müvəqqəti müdafiə statusu ilə İsrail ərazisində yaşayırlar. Proqramın gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik isə minlərlə ailənin hüquqi statusunu risk altına salıb.