BAKI, 19 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın populyarlıq reytinqi onun 2025-ci il 20 yanvar tarixli inauqurasiyasından bəri ən aşağı göstəriciyə enib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" və "Ipsos" birgə keçirdiyi sorğunun nəticələri məlumat verir.

Sorğuya görə, amerikalı respondentlərin cəmi 38%-i Trampın fəaliyyətini müsbət qiymətləndirir. 60% isə prezidentin işindən narazılıq ifadə edib. Qalan iştirakçılar konkret fikir bildirməyib.

Məlumata görə, bu nəticə Trampın ikinci prezidentlik dövründə ilk dəfədir ki, 40%-dən aşağı düşür. Prezidentin reytinqi son dəfə yanvar ayında ən yüksək həddə 47% səviyyəsində qeydə alınmışdı.

Sorğuda qeyd olunur ki, respondentlərin narazılığına əsas səbəblər arasında ölkədə qiymət artımı və azyaşlıların istismarı ilə ittiham olunan maliyyəçi Cefri Epşteyn işi ilə bağlı araşdırmanın gedişatından narazılıq xüsusi yer tutur. Sorğu iştirakçılarının yalnız 20%-i ABŞ administrasiyasının bu işi düzgün apardığını düşünür. 70% isə hakimiyyətin Epşteynin müştəriləri barədə məlumatları gizlətdiyinə inanır.

Sorğu ABŞ-nin müxtəlif ştatlarından olan 1 017 yetkin vətəndaş arasında 14-17 noyabr tarixlərində keçirilib.