BAKI, 17 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının üzvü Marjori Teylor Qrini “ölkə xaini” adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu fikirləri "Truth Social" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

Trampın sözlərinə görə, Qrin özünü guya zərərçəkmiş kimi göstərməyə çalışır, halbuki “bütün problemlərinin səbəbi elə özüdür”.

“Ona görə də hamıya bu ölkənin xaininə nə olacağı maraqsızdır”, -deyə Tramp bildirib.

Qeyd edək ki, 15 noyabrda Tramp keçmiş tərəfdarını qarşıdan gələn seçkilərdə dəstəkləməyəcəyini açıqlamışdı. ABŞ lideri onların münasibətlərindəki gərginliyin, özü Qrinə göndərdiyi sorğu nəticələrindən sonra yarandığını deyib.

Tramp vurğulayıb ki, Qrinin seçkilərdə qələbə qazanmaq üçün “ondan başqa dayaq nöqtəsi yoxdur”. O həmçinin bildirib ki, Qrin son vaxtlar onun zənglərinə cavab vermədiyindən şikayətlənirmiş.