BAKI, 14 noyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp 2026-cı ildə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (DİF) iştirak etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Trampın Davosa səfəri Vaşinqton və Bern arasında ticarət sazişi ilə bağlı danışıqlar fonunda ABŞ–İsveçrə münasibətlərindəki yaxşılaşmanı göstərir. Gözlənilir ki, Amerika lideri foruma geniş nümayəndə heyəti ilə qatılacaq. 2025-ci ildə Tramp DİF-də videobağlantı vasitəsilə çıxış etmişdi.
DİF-dən bildirilib ki, 2026-cı ildə keçiriləcək illik toplantıya G20 ölkələrinin dövlət və hökumət başçıları, o cümlədən prezident Tramp dəvət olunub. Qatılanların yekun siyahısı görüşdən bir həftə əvvəl açıqlanacaq.
Dünya İqtisadi Forumu biznes, siyasət və müxtəlif sahələrdən mütəxəssisləri bir araya gətirən qeyri-hökumət təşkilatıdır. Forumun üzvləri arasında minə yaxın iri şirkət və qurum var. 2026-cı il toplantısı 19-23 yanvar tarixlərində keçiriləcək və əsas mövzu “Dialoq ruhu” olacaq.