BAKI, 28 oktyabr. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası keçmiş prezident Mixail Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” da daxil olmaqla, bəzi müxalifət partiyalarının fəaliyyətini qadağan etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

Bildirilir ki, qadağa "Yenilikçi və Güclü Gürcüstan" Koalisiyasına daxil olan üç partiyaya şamil oluna bilər.

Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, bu partiyalar koalisiya birliyi yaradıblar və vahid orqanizm kimi fəaliyyət göstərirlər: “Biz “Vahid Milli Hərəkat”, “Dəyişikliklər üçün Koalisiya” və “Lelo – Güclü Gürcüstan” partiyalarının qeyri-konstitusion elan edilməsinin tərəfdarıyıq”.

Papuaşvili qeyd edib ki, iddianın qaldırılmasına əsas müvəqqəti parlament istintaq komissiyasının rəyi olub.

Onun sözlərinə görə, bu komissiya müxtəlif siyasi qüvvələrin, eləcə də Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili tərəfindən təsis edilmiş keçmiş hakim partiya “Vahid Milli Hərəkat”ın dövlətə və konstitusiyaya qarşı fəaliyyətləri məsələsini bir neçə ay ərzində araşdırıb:

“Konstitusiya Məhkəməsi iddia ərizəsini təmin edəcəyi təqdirdə, qanunvericiliyi pozan siyasi partiyalara və ya onlarla əlaqəli şəxslərə seçkilərdə iştirak etmək qadağan olunacaq. Bu partiyaların üzvlərinə, həmçinin dövlət vəzifələrini tutmaq və yeni partiyalar yaratmaq qadağan ediləcək”.

Sentyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, hakimiyyət bu ilin oktyabrında ölkənin konstitusiya məhkəməsində keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi müxalif Vahid Milli Hərəkat Partiyasının fəaliyyətinin qadağan edilməsi ilə bağlı iddia qaldırmağı planlaşdırır.