BAKI, 17 oktyabr. TELEQRAF
Ukrayna Milli Polisi “Maşa və Ayı” cizgi filminə qarşı sanksiyalar tətbiq olunduğu halda onun ölkə ərazisində yayımının məhdudlaşdırılmasına qoşulmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ali Radanın söz azadlığı komitəsinin sədri Yaroslav Yurçışin məlumat verib.
Deputat bildirib ki, cizgi filminin Rusiya ilə əlaqələri araşdırılıb və bu layihədə təbliğat elementləri aşkarlanıb. Onun sözlərinə görə, bəzi bölümlərdə Maşa sovet hərbi geyimində təsvir olunur, bu isə uşaqların “erkən yaşdan militarizasiyasına” xidmət edir.
Yurçışin qeyd edib ki, filmin rəsmi saytı Rusiya domenində yerləşir, həmçinin onun sosial media səhifələri Rusiya sanksiyalı platformalarına, o cümlədən VK şəbəkəsinə bağlıdır.
Deputatın sözlərinə görə, əgər sanksiyalar tətbiq edilərsə, “Maşa və Ayı” kontenti Ukraynada məhdudlaşdırılacaq. Bu məsələ ilə bağlı Ukrayna Nazirlər Kabineti artıq Təhlükəsizlik Xidmətinə, Milli Televiziya və Radio Şurasına, Rusiya ilə Mübarizə üzrə Şuraya və digər qurumlara göstəriş göndərib.
Yurçışin əlavə edib ki, Rusiya animasiyası uşaqların düşüncəsinə təsir göstərmək məqsədi daşıyır.
“Valideynlər çox vaxt uşaqların "YouTube"da nə izlədiyinə fikir vermirlər. Biz bu sahəni rus təbliğatından təmizləməli və yerli cizgi filmlərinin yaradılmasını təşviq etməliyik”, - o bildirib.