BAKI, 2 iyul. TELEQRAF
"İranın nüvə proqramının dayandırılması üçün danışıqlar mümkün qədər tez başlamalıdır".
Teleqraf xəbər verir ki, bu bəyanatla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığından sonra çıxış edib.
O, İranın nüvə proqramının dayandırılması üçün danışıqların dərhal bərpa olunmasına çağırıb.
"İranın nüvə proqramının dayandırılması üçün danışıqlar mümkün qədər tez başlamalıdır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq bərpa olunmalıdır. Avropa İttifaqı bunu asanlaşdırmağa hazırdır", - Kallas “X” sosial şəbəkəsində yazıb.
Kallas və Əraqçi arasında telefon danışığı İran parlamentinin AEBA ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməsindən sonra baş tutub.
"Nüvə silahının yayılmaması haqqında" Müqavilədən çıxmaqla bağlı təhdidlər gərginliyi azaltmağa xidmət etmir", - Kallas bildirib.