BAKI, 30 iyun. TELEQRAF.
Çin tərəfi "TikTok" sosial şəbəkəsi ilə bağlı məsələlərdə ÇXR qanunlarına və qaydalarına əməl edəcək.
Teleqraf xəbər verir ki, bunu TASS-a Çinin ABŞ-dəki səfirliyinin mətbuat katibi Lyu Penqyou deyib.
ABŞ Prezidenti Donald Trampın "çox zəngin insanlardan ibarət bir qrup"un Çinin ByteDance şirkətindən "TikTok"u almağa hazır olması ilə bağlı bəyanatını o, belə şərh edib: "Mən vəziyyətlə tanış deyiləm. Amma ümumilikdə "TikTok" məsələsində Çin tərəfi öz mövqeyini dəfələrlə bildirib və öz qanun və qaydalarına uyğun hərəkət edəcək.
"TikTok" uzun illərdir ABŞ-də fəaliyyət göstərir və amerikalı istifadəçilər arasında çox populyardır. O, ABŞ-də məşğulluğun və istehlakın artırılmasında müsbət rol oynayıb".
Liu Penqyou bildirib: “Biz həmişə ümid etmişik ki, ABŞ ağılla davranacaq və bütün ölkələrdən olan bazar iştirakçıları üçün açıq, ədalətli və ayrı-seçkilikdən uzaq biznes mühiti təmin edəcək”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Fox News”a belə deyib: "Yeri gəlmişkən, "TikTok" üçün alıcımız var”.
D.Tramp bildirib ki, o, “təxminən iki həftə ərzində” alıcıların adını çəkməyə hazır olacaq. "Onlar çox varlı insanlardır. Onlar çox varlı insanlardan ibarət bir qrupdur", - prezident təfərrüatları açıqlamadan əlavə edib.