BAKI, 25 iyun. TELEQRAF

İran hakimiyyəti çərşənbə axşamı 12 günlük müharibədə itkilərinin sayını açıqlayıb.

Teleqraf xəbər verir ki, İsrailin hücumu zamanı azı 610 nəfərin öldüyü və 4746-dan çox şəxsin yaralandığı bildirilir.

Ölənlərdən 49-u qadın, o cümlədən 2-si hamilə qadın, 5-i tibb işçisi, 13-ü uşaqdır. Ölənlərdən ən kiçiyi iki aylıq körpə olub. Xəsarət alan qadınların sayı 185, 20 yaşa qədər yaralananların sayı isə 65 nəfər olub ki, onlardan ən gənci üç yaşındadır.

Bundan başqa 7 xəstəxana, 6 ilkin tibbi yardım mərkəzi və 9 təcili yardım maşını zərər görüb.

İsrail iyunun 13-də İrana qarşı müharibəyə başlayıb, nüvə obyektlərini, hərbi və mülki obyektləri hədəfə alıb, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri və Baş Qərargah rəisi də daxil olmaqla, yüksək rütbəli hərbi liderləri, eləcə də tanınmış nüvə alimlərini öldürüb. İran İsrailin bir neçə şəhərində görünməmiş dağıntılara səbəb olan bir sıra raket hücumları ilə cavab verib.

ABŞ bazar günü səhər tezdən İranın əsas nüvə obyektlərinə zərbə endirməkdə İsraili dəstəkləyib.