
BAKI, 17 mart. TELEQRAF
Kiyev Rusiya ilə müharibədə itirilmiş əraziləri heç vaxt tanımayacaq, hərbi gücünün məhdudlaşdırılmasına razı olmayacaq və istədiyi ittifaqa qoşulmaq hüququndan imtina etməyəcək.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “RBC-Ukrayna” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, heç kim Ukraynanın Avropa İttifaqına və ya NATO-ya üzv olmasına mane ola bilməz.
“Ukraynanın müdafiə qabiliyyətinə, ordunun güc və imkanlarına heç bir məhdudiyyət qoyula bilməz”, - o vurğulayıb.
Bununla belə, Sibiqa Ukraynanın faktiki sərhədləri, dil və mədəniyyət siyasəti ilə bağlı məsələləri “qırmızı xətlər” sırasına daxil etməyib.
Xatırladaq ki, 2024-cü ilin iyununda Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin həlli üçün Moskvanın hazır olduğunu bildirib. Kreml Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın tərkib hissəsi kimi tanınmasını, Ukraynanın bitərəf və nüvəsiz statusunu qəbul etməsini, demilitarizasiya və denasifikasiyanı, həmçinin Rusiyaya qarşı sanksiyaların ləğvini vacib şərtlər kimi irəli sürüb.
Martın 13-də Vladimir Putin ABŞ Prezidenti Donald Trampa sülh prosesində iştirakına görə təşəkkür edib.
O bildirib ki, Moskva Ukraynada hərbi əməliyyatların dayandırılması təkliflərini dəstəkləyir, lakin bu addımlar uzunmüddətli sülhün təmin olunmasına və münaqişənin əsas səbəblərinin aradan qaldırılmasına şərait yaratmalıdır.