BAKI, 5 noyabr. TELEQRAF
ABŞ-də Konqresə keçirilən aralıq seçkilərdən sonra ölkənin əsas fond indeksləri noyabrın 4-də ticarət sessiyasını əsasən artımla başa vurub.
Teleqraf xəbər verir ki, birja məlumatlarına əsasən, “Dow Jones” sənaye indeksi 3,03 faiz yüksələrək 53 361,33 bəndə çatıb.
ABŞ-nin 500 ən böyük şirkətini əhatə edən “S&P 500” indeksi 1,58 faiz artaraq 7 688,64 bənd, texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq 100” indeksi isə 0,91 faiz yüksələrək 28 437,17 bənd təşkil edib.
Bununla yanaşı, ABŞ-nin hərbi sənaye kompleksinə daxil olan şirkətlərin səhmlərində ucuzlaşma müşahidə edilib. “Lockheed Martin”in səhmləri 6,88 faiz, “Northrop Grumman”ın 4,53 faiz, “RTX”in 2,64 faiz, “General Dynamics”in isə 2,57 faiz dəyər itirib.
ABŞ Prezidenti Donald Trampla əlaqəli “Trump Media” şirkətinin səhmləri 24,54 faiz ucuzlaşaraq 4,49 dollara düşüb.
Texnologiya sektorunda isə fərqli dinamika qeydə alınıb. “Nvidia”nın səhmləri 3,12 faiz, “Tesla”nın səhmləri 3,34 faiz ucuzlaşıb. “Alphabet”in səhmləri 3,25 faiz, “Amazon”un 6,12 faiz, “Microsoft”un isə 6,68 faiz bahalaşıb.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkilər keçirilib. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435, Senatın isə 35 yeri uğrunda mübarizə aparılıb. İlkin media proqnozlarına əsasən, Demokratlar Partiyasının Konqresin hər iki palatasında çoxluğu əldə edəcəyi gözlənilir.