BAKI, 5 noyabr. TELEQRAF
Yaponiya Xarici İşlər Nazirliyi ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra Demokratlar Partiyası ilə əlaqələri genişləndirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tokio ABŞ-dəki səfirliyi vasitəsilə demokratlarla mövcud əlaqə kanallarını genişləndirmək niyyətindədir. Bu məqsədlə keçmiş prezidentlər Barak Obama və Co Baydenin administrasiyaları dövründə formalaşmış şəxsi əlaqələrdən istifadə edilməsi nəzərdə tutulur.
Bundan başqa, Demokratlar Partiyasından olan ABŞ konqresmenlərinin Yaponiyaya dəvət edilməsi imkanları da nəzərdən keçirilir.
Yaponiyalı ekspertlər də Vaşinqtonla münasibətlərdə yalnız Prezident Donald Tramp administrasiyasına güvənməyin düzgün olmadığını bildirirlər.
Vaseda Universitetinin professoru, ABŞ siyasəti üzrə mütəxəssis Mieko Nakabayasi NHK telekanalına açıqlamasında Tokioya əlaqələri şaxələndirməyi tövsiyə edib.
“Yalnız Trampa güvənmək olmaz. Təkcə onun administrasiyası ilə münasibətlərə üstünlük vermək əvəzinə, müxtəlif əlaqə kanallarına malik olmaq lazımdır”, – professor vurğulayıb.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkilər keçirilib. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435, Senatın isə 35 yeri uğrunda mübarizə aparılıb. İlkin nəticələrə əsasən, demokratların Konqresin hər iki palatasında çoxluğu əldə edəcəyi bildirilir.