BAKI, 5 noyabr. TELEQRAF

Yaponiya hökuməti son həftələrdə kiberhücumların kəskin artması və on milyonlarla istifadəçinin şəxsi məlumatlarının sızması fonunda xüsusi mübarizə qrupu yaratmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, yeni yaradılacaq qrupa həm dövlət qurumlarının, həm də özəl sektorun nümayəndələri daxil ediləcək.

NHK telekanalı isə bildirib ki, kiberhücumlara qarşı hazırlanacaq tədbirlər paketində şirkətlərə istifadəçilərin artıq ehtiyac duyulmayan şəxsi məlumatlarını, o cümlədən şəxsiyyətin təsdiqlənməsi üçün istifadə edilən fotoşəkilləri silmək tələbinin qoyulması nəzərdə tutulur.

Son dövrlərdə Yaponiyada müxtəlif şirkət və müəssisələrin informasiya sistemlərinə haker hücumları nəticəsində on milyonlarla insanın məlumatlarının sızdığı bildirilir.

Oktyabrın 26-da Yaponiya hökuməti kibertəhlükəsizlik məsələlərinə həsr olunmuş xüsusi iclas keçirib. İclasın yekununda Baş nazir Sanae Takaiçi təhdidlərin zərərsizləşdirilməsi də daxil olmaqla, təcili tədbirlər görülməsini tələb edib.

Hökumətin kibertəhdidlərin zərərsizləşdirilməsi dedikdə konkret hansı addımları nəzərdə tutduğu hələlik açıqlanmayıb.

Bununla belə, daha əvvəl kiberhücuma məruz qalan Yaponiyanın GMO şirkəti hökuməti aktiv kibermüdafiə tədbirləri görməyə çağırıb.

Yerli medianın məlumatına görə, belə tədbirlər hakerlərin istifadə etdiyi serverlərin müəyyənləşdirilməsini, onların sistemlərinə müdaxilə edilməsini və fəaliyyətlərinin zərərsizləşdirilməsini əhatə edə bilər.