Ermənistanda 12 müxalif siyasi qüvvə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətə qarşı mübarizədə səylərini birləşdirmək barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyan müxalifət nümayəndələri ilə görüşdən sonra bildirib.

Görüşün yekununda müxalif qüvvələr ümummilli birlik yaradılması barədə birgə bəyanat imzalayıblar.

Karapetyanın sözlərinə görə, siyasi qüvvələr arasında müəyyən fikir ayrılıqları olsa da, onlar ölkənin qarşısında duran çağırışlara qarşı birgə fəaliyyət göstərmək qərarına gəliblər.

Karapetyan digər siyasi qüvvələri də təşəbbüsə qoşulmağa çağırıb.

Görüşdə keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku, “Daşnaksütyun”, keçmiş prezident Serj Sarkisyanın Respublika Partiyası, “Hayakve”, Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası və keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresi də daxil olmaqla, ümumilikdə 12 siyasi qüvvənin nümayəndələri iştirak ediblər.