BAKI, 5 noyabr. TELEQRAF
ABŞ Konqresinə keçirilən aralıq seçkilərdən sonra Prezident Donald Tramp administrasiyasında İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı fikir ayrılıqları güclənib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, administrasiyadakı bəzi rəsmilər Trampı İrana yeni zərbələr endirməyə, bundan sonra isə sülh razılaşmasına nail olmağa çağırırlar.
Digər rəsmilər isə hərbi əməliyyatların vaxtında dayandırılmasının və münaqişədən çıxış yolunun tapılmasının vacibliyini müdafiə edirlər.
Qəzet yazır ki, Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərdə məğlubiyyətindən sonra İranla bağlı fikir ayrılıqları daha da kəskinləşib.
Tramp noyabrın 4-də verdiyi açıqlamada İranla müharibəni istədiyi vaxt başa çatdıra biləcəyini, lakin bunun düzgün şəkildə həyata keçirilməsinin vacibliyini bildirib.
ABŞ Prezidenti həmçinin respublikaçıların seçkilərdəki məğlubiyyətinin əsas səbəbləri kimi İranla müharibəni və yanacağın bahalaşmasını göstərib.