BAKI, 19 mart. TELEQRAF

Ramazan bayramı ilə əlaqədar fətva verilib.

Teleqraf xəbər verir ki, bu barədə Şeyxülislam Allahşükür Paşazadənin təbrik məktubunda bildirilib.

O qeyd edib ki, bu il Rəbbimizin vacib ilahi əmri olan müqəddəs Ramazan Bayramı Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz Bayramı ilə üst-üstə düşür ki, bu da onların mübarəkliyini və ülviliyini daha da artırır.

"Uca Yaradana həmd-sənalar olsun, biz müsəlmanlar bu müqəddəs və mübarək bayramları Ulu Rəbbimizin Lütfü, Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edən, qəlbindəki ülvi arzuları dirçəldən məqamlar kimi dəyərləndirir, şükürlər edirik".

Bildirilib ki, Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri Təşkilatı – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fətva Şurasının qəbul etdiyi Fətvaya əsasən, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə martın 20-nə təsadüf edir.

"Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır", - təbrik məktubunda bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq. Bayram günü Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08:00, Təzəpir məscidində isə 09:00-a təyin edilib.