BAKI, 2 noyabr. TELEQRAF

Son 200 ildə düşmənlər tərəfindən təkcə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazisi təcavüzə və işğala, insanlarımız etnik təmizləmə, deportasiya və soyqırımlara məruz qalmayıb, eyni zamanda o coğrafiyadakı mədəni irsimiz də erməni vandalizminə tuş gəlib, dağıdılıb, məhv edilib, yaxud erməniləşdirilib.

Teleqraf xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli "İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimində deyib.

O qeyd edib ki, ən çox itkilərə məruz qalan sahələrdən biri də dini dəyərlərimiz olub.

"Qərbi Azərbaycanda son 200 ildə baş verən ictimai-siyasi proseslər, eləcə də tarixi torpaqlarımızdakı mədəni-dini irsimizin taleyi Qərbi Azərbaycan İcmasının daim diqqət mərkəzindədir. Bu gün təqdimatına toplaşdığımız kitabda tarixən Qərbi Azərbaycanda, həmçinin İrəvan bölgəsində mövcud olmuş dini-təsisat orqanlarının və qazılıq institutunun yaranması, fəaliyyəti, tarixi inkişaf yolu ətraflı araşdırılıb.

Həmçinin XIX əsrdə çar Rusiyasının Cənubi Qafqazda, o cümlədən İrəvan bölgəsində yeritdiyi dini siyasətə də geniş yer verilib. Azərbaycan Xalq Cümhuriyyəti və sovet dövründə Cənubi Qafqaz Müsəlmanları İdarəsinin yenidən təsis edilməsi və İrəvan qazılığının fəaliyyəti, Azərbaycan Respublikasının yeni müstəqillik dövründə Qərbi Azərbaycan dini-mədəni irsinə dövlət qayğısı və İrəvan qazılığının bərpası məsələləri də kitabda ətraflı şərh olunub", - Ə. Ələkbərli vurğulayıb.

O həmçinin qeyd edib ki, icması hazırda yeni bir layihə - "İrəvan müsəlman icmasının dini və hüquqi sənədlər korpusu" adlı üçcildlik elmi nəşr üzərində çalışır. Kitab XVI əsrdən XX əsrin əvvəllərinə qədərki dövrü əhatə edir.

"Çox istərdik ki, bu layihəni də Şeyx həzrətlərinin rəhbərliyi altında Qafqaz Müsəlmanları İdarəsi ilə birgə işimiz kimi həyata keçirək. Bu iş də “İrəvan Qazılığının tarixi” kitabından sonra millətimizin və dövlətimizin strateji hədəfinə növbəti birgə töhfəmiz olsun", - o vurğulayıb.