QUSAR, 16 iyul. TELEQRAF

"Azərbaycan dünyada unikal birgəyaşayış, dini tolerantlıq və multikulturalizm modelidir".

Teleqraf-ın Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Baku TV"nin direktoru Ramin Cəfərov Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda deyib.

O qeyd edib ki, Azərbaycanda din və media münasibətlərinin sağlam zəmində qurulması, eləcə də uğurlu inkişafının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

R.Cəfərov bildirib ki, birgəyaşayış, dini tolerantlıq və multikulturalizm sadəcə dövlət siyasəti deyil, Azərbaycan xalqının həyat tərzidir: "Mənəvi dəyərlərimizin, milli adət-ənənələrimizin və ölkəmizdəki real tolerantlıq mühitinin həm daxildə, həm də beynəlxalq arenada düzgün təbliği üçün bütün media qurumları səylə çalışmalıdır".