BAKI, 14 sentyabr. TELEQRAF
Bugünkü Bakı şəhərində keçirilən toplantımız artıq yeddinci toplantıdır və dini liderlərimizin bu formatda görüşməsi böyük əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi, səfır Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşündə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu görüşlər Türk Dövlətləri Təşkilatı çərçivəsində həm dini, həm də ictimai məsələlərin müzakirəsi baxımından olduqca vacibdir:
"Bugünkü gündəliyimizdə bir sıra mühüm məsələlər yer alır. Onlardan biri elm və biliyin, xüsusilə İslamda elmə və təhsilə verilən əhəmiyyətin müzakirəsidir. İkinci mühüm məsələ ailə institutudur. Ailənin qorunması, ailə dəyərlərinin gələcək nəsillərə ötürülməsi bu gün bütün cəmiyyətlər üçün böyük əhəmiyyət kəsb edir.
Eyni zamanda, dünyada baş verən sürətli rəqəmsal dəyişikliklər və yeni texnologiyaların həyatımıza təsiri də diqqət mərkəzindədir. Biz bu proseslərə İslamın dəyərləri və prinsipləri baxımından yanaşmalı, müasir texnologiyaların yaratdığı imkan və çağırışları birlikdə müzakirə etməliyik. Bu baxımdan dini qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və fətva komitələrinin fəaliyyətinin əlaqələndirilməsi mühüm addımdır".
Onun sözlərinə görə, Azərbaycanın dini liderlərinin, müftilərinin və digər dini qurumların nümayəndələrinin bu prosesdə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin dini liderlərə və toplantı iştirakçılarına göndərdiyi məktub da bu əməkdaşlığa verilən yüksək diqqətin və dəstəyin göstəricisidir.
Ümumilikdə, Türk Dövlətləri Təşkilatı çərçivəsində dini təhsil müəssisələri və dini qurumlar arasında əməkdaşlığın genişləndirilməsi təcrübə və bilik mübadiləsinə, müasir dini təhsilin inkişafına, ortaq dəyərlərin qorunmasına və gənc nəslin düzgün istiqamətləndirilməsinə mühüm töhfə verə bilər".