"Azərbaycanda həyata keçirilən layihələrin məqsədlərindən biri dini-mənəvi dəyərlərin qorunmasıdır".
Teleqraf-ın Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qusarda keçirilən “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfransda deyib.
O qeyd edib ki, digər məqsəd dinin tolerantlığının, həmrəyliyin və ictimai sabitliyin qorunmasına yönəlib:
“Dövlət-din siyasəti kontekstində rəqəmsallaşmanı həyata keçirməyə və ən önəmli məsələlərdən biri kimi maarifçilik işinin gücləndirilməsinə çalışırıq. Bizim layihələrimizin əsas məğzi, başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”.
Ramin Məmmədov bildirib ki, Qusar dini dövlət-din siyasəti kontekstində daim diqqətdə saxlanılan bölgələrdən biridir:
“Təkcə həssaslığına görə deyil, müxtəlifliyinə görə də bizim üçün dəyərlidir. İcra başçısı müəyyən çağırışları dilə gətirdi. Biz isə dövlət qurumu olaraq, bu sahədə olan siyasətin tənzimləyicisi olaraq burada çağırışdan çox imkanları görürük. Düşünürük ki, yerli icra hakimiyyəti orqanları, ictimaiyyət nümayəndələri, din xadimləri birgə bu bölgəmizdə də dini kontekstdə hər hansı bir təhdidin mövcud olmasını və yaxud gələcəkdə inkişaf etdirilməsinin qarşısını almaq iqtidarındayıq”.